Vusala M.цитирует2 года назад
Səhərisi günortadan sonra Daxili İşlər Nazirliyində olduq. İsgəndər Həmidov bizi qəbul etdi. Ağdamdan olan narahatçılığımızı çatdırdıq. İsgəndər bəy yaxın günlərdə Ağdam istiqamətində hücum olacağını, prezident seçkisi gününə – 7 iyuna uğurlu əməliyyat hazırlandığını deyib bizi bir az rahatlatdı. Üzünü mənə tutub:

– İlham, yenə Gəncədə işləyirsən?

– Şəmkirdə rəisəm.

– Bəs Gəncədə kimdi rəis?

– İndi boşdu. Cəbrayıl Nağıyevi çıxarıblar.

– Bilirəm, Cəbrayıl deputat yoldaşımdı. Səni niyə qoymurlar ora? Özün də Gəncədə neçə illər işləmisən.

Mən sakit dayanıb heç nə demədim. İsgəndər bəy telefonu qaldırıb köməkçisinə:

– Milli Təhlükəsizlik nazirinə de ki, mənə zəng etsin, – dedi.

Düzü, bir az təəccüb etdim ki, adətən xüsusi xidmət orqanı kimi MTN siyasi sıralamada öndə gəlir, amma hakimiyyət Fəxrəddin Təhməzovun deyil, milli azadlıq hərəkatının liderlərindən olan İsgəndər Həmidovunkudur. Ola bilər... F.Təhməzov zəng vurdu. Hal-əhvaldan sora İ.Həmidov:

– Fəxrəddin müəllim, Gəncə şöbəsi boşdu, yoxsa kimisə təyin etmisiniz? Lap yaxşı, Şəmkirin rəisi İlham İsmayılov mənim qohumumdu. Özünüz də bilirsiniz ki, vətənpərvər, qoçaq oğlandı, Çaykənddə vuruşduğunu özüm görmüşəm. Mən xahiş edirəm, elə imkan varsa, İlhamı Gəncəyə rəis göndərin.

İsgəndər bəy sağollaşandan sonra:

– Dedi, sabah əmrini verəcəyəm.

Mənə təşəkkür etmək qalırdı. İsgəndər bəylə xudaha­fizləşib Gəncəyə döndük.

Ertəsi gün Şəmkirdə işə başlayanda Bakıdan xeyli zəng gəldi. İlk olaraq keçmiş rəisim Rəhman Mikayılov məni təbrik edib, kollektivlə əl-ələ verib işləməyi tövsiyə etdi. Bir neçə rəhbər işçilər də zəng vurub məni təbrik edirdilər. Axşama qədər zənglər qəbul etdim, amma kadrdan zəng gəlmədi. Növbəti gün heç bir zəng olmadı. Nazirə zəng vurmağı özümə sığışdırmadım. Bir gün də keçdi və Təhməzov zəng etdi. Nazir mənim təyinatımın alınmadığını söyləyib, birinci müavin Sülhəddin Əkbərin bu təyinata qarşı çıxdığını, səbəb kimi də mənim İsgəndər Həmidov tərəfindən tapşırıldığımı, onun qohumu olduğumu bildirib. F.Təhməzov:

– İsgəndərlə Sülhəddinin arası yoxdu. Mən çalışdım, səni təriflədim, amma Sülhəddin israr etdi, Elçibəyə deyə­cəyini, heç cür imkan verməyəcəyini söylədi.

Mən:

– Narahat olmayın, Fəxrəddin müəllim, bəlkə də belə yaxşıdır, – dedim. Sonralar öyrəndim ki, Sülhəddin Əkbər bu məsələ ilə bağlı Elçibəyə məruzə edibmiş.
  • Войти или зарегистрироваться, чтобы комментировать