Darıxmaq sözünün
sonundakı «q» hərifi belə
acıyıb halıma deyir ki,
istəyirsən gedim
təki sən darıxma.
Dərdlər kökəlib
qəm yeməyindən.
Sevinc pəhriz saxlayır
şad xəbərindən.
Qollarını gen açıb
“bax bu boyda” deyən
məsum bir uşağın
sevgi arşını qədər,
yer boyda, göy boyda
sevirəm səni.
Bəlkə də anamın
kürəyimə çəkdiyi
yod “kletka”sı kimi
Tanrı bütün
meridianları, paralelləri
Dünyanın sağalması üçün
yer kürəsinə çəkmişdi.
Ali təhsilli işsizlər kimi
ali sevgili qadınsızdım.
İxtisasca sevgini bitirsəm də
öz sevgim üzrə sevmirdim.
Düş aşağı bir dənə sevgi al gəl.
Nifrəti də götür at.
Dünəndən qalıb iylənib.
Əlləş,
ayaqlaş,
dilləş,
sözləş
və qorxma
üzləş
özünlə.
Burda insanları asmırlar.
Ya insanlar özlərindən
aslı olmayaraq özlərini asırlar
ya da ki, insanlar insanları
özlərindən asılı salırlar.
Qərara alıram:
Sevgi Nazirliyi yanında
Dövlət Nifrət Agentliyi yaradılsın.
Həddən çox dəyər verdiyimiz
adamlar üçün
Əlavə Dəyər Sevgisi
tədbiq edilsin.
Qərar qüvvəyə
mindiyi gündən
həyata keçirilsin.
Dəli olmuşam nədir bilmirəm.
Özüm-özümə elə tanış gəlirəm
sanki hardasa görmüşəm.